ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və Elmi hissənin Elm və tibbi tədqiqatlar üzrə koordinatoru Sevil Əsədova Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) qonağı olublar.
Nümayəndə heyətinin üzvləri RBU-nun 17-ci Məzun Günündə fəxri qonaq qismində iştirak ediblər. Sonra nümayəndə heyətimiz ATU və RBU-nun bu ilin oktyabr ayında Bakıda birgə təşkil edəcəkləri “Tibb təhsili üzrə Beynəlxalq Konfrans”ın (ICME) təşkilati məsələlərini müzakirə etmək üçün tərəfdaş universitetin müvafiq səlahiyyətli şəxsləri ilə görüş keçirib. Görüşdə RBU İslam Beynəlxalq Tibb Kollecinin direktoru, general-leytenant, professor Azhar Rashid, Prorektor müavini, professor Yavər Hayat Khan, Riphah Tədqiqat və Təhsil Akademiyasının (RARE) direktoru, professor Rahila Yasmeen, Riphah Qiymətləndirmə İnstitutunun direktoru, professor Rehan Ahmed Khan və digər şəxslər iştirak edib.
Daha sonra nümayəndə heyətimiz İslam Beynəlxalq Tibb Kollecinin tədris korpusunda olub, nəzəri kafedralarda tədrisin təşkili prosesi ilə tanış olub və keçirilən imtahanların gedişini izləyib.
ATU nümayəndələri Pakistana səfərlə bağlı RBU-nun bütün ölkədə yayımlanan "Riphah Radio FM 102.2" radiostansiyasına müsahibə də veriblər. Müsahibə, eyni zamanda “Facebook”da canlı yayımlanıb.
Daha sonra əməkdaşlarımız Riphah Beynəlxalq Universitetinin rektoru Hassan Muhammad Khan tərəfindən qəbul ediliblər. Dosent Rauf Bəylərov ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və RBU ilə əməkdaşlıqdan məmnun olduğumuzu bildirib. Görüşdə iki universitet arasındakı ikitərəfli əməkdaşlıq perspektivləri, planlaşdırılan beynəlxalq konfransın əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.
ATU nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovla görüşüb. Görüşdə iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrin vəziyyəti, ATU ilə Pakistanın ali təhsil müəssisələrinin gələcək əməkdaşlıq planları müzakirə edilib.