ATU-nun Terapevtik stomatologiya kafedrasının müdiri, professor Ağa Paşayev bu günlərdə xarici səfərdən qayıdıb. Belə ki, o, iki həftə müddətində Dəvətolunmuş professor (Viziting professor) kimi S.D.Əsfəndiyarov adına Qazaxıstan Milli Tibb Universitetində yerli tələbələrə mühazirə və praktiki dərs keçib.
İlk həftəsi onlayn formatda, ikinci həftəsi isə Almatı şəhərində canlı şəkildə keçirilən tədris prosesinə Stomatologiya fakültənin II, III, V kurs tələbələri qatılıb və dərslər maraqla qarşılanıb. Mühazirə zamanı Tibb Universitetinin tələbələrinə müasir məlumatlar təqdim olunub və onların sualları cavablandırılıb.
Eyni zamanda tədris məsələləri ilə paralel olaraq, elmi işlərin müzakirəsi üçün yerli kafedra əməkdaşları ilə birgə seminarlar təşkil edilib. Tədris proqramlarına müqayisəli şəkildə baxılıb, tövsiyələr bildirilib. Elmi işlərin nəticələri təqdim olunduqdan sonra gələcək işlərin istiqaməti və birlikdə görülməsi zərurəti açıqlanıb.
Professor A.Paşayev 2022-ci ildə Azərbaycan Tibb Universitetində təcrübə keçmiş Qazaxıstan Milli Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbələri ilə də görüşüb. Tələbələr ATU-nun rəhbərliyinə, kafedra əməkdaşlarına öz razılıqlarını və təşəkkürlərini çatdırıblar.
Azərbaycanlı mütəxəssisin mühazirə və təcrübi dərs prosesi həm professor-müəllim heyəti, həm də tələbələr tərəfindən müsbət qiymətləndirilib. Gələcəkdə Azərbaycan Tibb Universiteti ilə tədris və elmi işlərdə əməkdaşlığın daha da genişləndirilməsi arzulanıb.
Universitetimizin əməkdaşı səfər çərçivəsində Almatı şəhəri, Qazaxıstan Milli Universitetinin zəngin tarixi və bir neçə profilli digər kafedralarla da tanış olub.