“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib 
 
Yanvarın 30-da Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə tələbələr arasında “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etmək olub.
Tədbirdə Azərbaycan Tibb Universiteti THİK sədri Qoşqar İsmayılov, Nəsimi rayon Gİİ rəisi Şahmar Tağıyev, THİK İntellektual oyunlar klubunun sədri Arzu Musayeva və tələbələr iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
THİK sədri Q.İsmayılov çıxış edərək bildirib ki, 2 Fevral - Gənclər Günü Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilib. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə diqqət mərkəzində saxlayıb. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri yaradılıb, minlərlə azərbaycanlı gənc nüfuzlu ali məktəblərdə təhsil alıb, müasir ixtisaslara yiyələnib.
Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramı, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Daha sonra yarışa start verilib. 8 komandanın təmsil olunduğu yarışda iştirakçılara 24 sual verilib. Yarışın nəticələrinə görə "WWW" komandası 1-ci, "Sinaps" komandası 2-ci, "Old School" komandası 3-cü olub. Qaliblər hədiyyə, medal və diplomlarla təltif edilib.