ATU-da “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

 

Heydər Əliyev irsinin gənclərimiz tərəfindən yaxşı öyrənilib mənimsənilməsi böyük əhəmiyyətə malikdir

 

Fevralın 1-də Azərbaycan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə universitetin tələbələri üçün “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov açıb.

Prorektor tədbirin mahiyyəti ilə bağlı iştirakçılara ətraflı məlumat verib: “Ulu öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomen şəxsiyyətin nəhəng işləri hiss olunmasın. Ümummilli lider Heydər Əliyev bütün zəngin həyatı boyu daim xalqını, Vətənini düşünüb, Azərbaycanı ən çətin məqamlardan, üzləşdiyi faciələrdən və çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib. O, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişafının məcrasını öncədən müəyyən edə bilib.

Bu il Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə, yüksəlişinə həsr etmiş ulu öndər özünün müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaradaraq, Ümummilli lider zirvəsinə yüksəlib. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi müstəqilliyimizin qorunmasına, vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət edib. Heydər Əliyev məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyev ulu öndərin əsasını qoyduğu siyasəti bu gün uğurla davam etdirir”.

Ulu öndərin çoxşaxəli siyasi fəaliyyətindən söhbət açan prorektor, çıxışının sonunda Heydər Əliyev siyasətinin Azərbaycanda yaşadığını, bundan sonra da yaşayacağını və həmişə qalib gələcəyini vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Gülarə Verdiyeva 2023-cü ilin xalqımızın yaddaşında ən dəyərli və yaddaqalan illərdən biri olacağını qeyd edib: “Heydər Əliyev İli” çərçivəsində hər birimiz tarixi yaddaşımızı yeniləməli, tariximizin yaddaşında olan bu dəyərli anları gələcək nəsillərə ötürməliyik. Siz gənclərin də borcu bu tarixi dərindən öyrənmək, sizdən sonra gələn nəsillərə ərməğan etməkdir.

Biz dünya dövlətləri arasında kiçik dövlət olsaq da, ölkəmizin inkişafı, mili-mədəni dəyərləri dünyaya yaxşı məlumdur. Eyni zamanda zəfər çalmış, qalib gəlmiş bir xalq kimi hər birimiz “mən azərbaycanlıyam” kəlməsini dünyada qürurla səsləndiririk. Bu məhz ulu öndərin apardığı siyasətin bariz nəticəsidir ki, onun hakimiyyəti illərində qəbul edilmiş konvensiyalar, layihələr bu gün özünün bəhrəsini verib”.

Natiq keçirilən tədbirin mahiyyətindən də söhbət açıb: “Bugün bizim danışdığımız sahə ailə dəyərləri olacaq. Ailə, bilirsiniz ki, cəmiyyətin bir üzvüdür. Əgər ailələrimiz sağlam olarsa, onların rifahı yaxşı olarsa, cəmiyyətimiz də sağlam olar. Sağlam cəmiyyət qurmaq üçün biz ilk olaraq ailələrdən başlamalıyıq. Ulu öndər ailələrin rifah halını yaxşılaşdırmaq üçün bir çox beynəlxalq konvensiyalara imza atıb, çoxuşaqlı analara, Əmək Qəhrəmanı olan xanımlarımıza, fiziki qüsurlu uşaqlara həmişə diqqət və qayğı göstərib”.

G.Verdiyeva ulu öndərin hakimiyyəti dövründə işsizliyin aradan qaldırılması, qadın hüququnun bərpası, iqtisadi, sosial sahədə aparılan islahatlardan geniş bəhs edib, ailə dəyərlərinin qorunub saxlanmasında onun müstəsna rolunu xüsusi vurğulayıb.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxışında bildirib ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndərin həmişə insan hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini vurğulayan idarə rəisi, Azərbaycanda insan hüquqları sahəsində ilk Dövlət Proqramının məhz xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edildiyini bildirib. O, həmçinin tədbir iştirakçılarına ulu öndərin hakimiyyəti dövründə aparılan islahatlardan, ailə dəyərlərinin qorunması üçün Konstitusiyaya daxil edilən maddələrdən və “Ailə Məcəlləsi”nin qəbul edilməsindən söhbət açıb. 

Tədbirdə çıxış edənlərdən Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı da ulu öndərin həyat və fəaliyyətinə işıq salaraq, onun ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ölkədə hərc-mərclik hökm sürdüyünü, müstəqilliyimizin təhlükə altında olduğunu və Heydər Əliyevin böyük siyasətçi kimi bu təhlükələrin qarşısını məharətlə aldığını qeyd ediblər. Bildirilib ki, Heydər Əliyev irsinin gənclərimiz tərəfindən yaxşı öyrənilib mənimsənilməsi böyük əhəmiyyətə malikdir.