ATU-nun Tədris İdman Kompleksində Nəsimi rayon Gənclər və İdman İdarəsinin və “Təbib” idman klubunun təşkilatçılığı ilə tələbələr arasında 2 fevral “Gənclər Günü”nə həsr olunmuş stolüstü tennis turniri keçirilib. Stolüstü tennis turnirində 12 oğlan və 6 qız tələbə iştirak edib.
Açılış mərasimində dövlət himnimiz səsləndirildikdən sonra “Təbib” idman klubunun sədri Qələndər Aslanov tələbələri Gənclər Günü münasibəti ilə təbrik edib, onlara turnirdə uğurlar arzulayıb.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev də tədbirdə çıxış edərək, tələbələri “Gənclər Günü” münasibəti ilə təbrik edib, onlara dövlətimizin gənclər siyasəti haqqında məlumat verərək idmançı tələbələrə uğurlar diləyib.
Turnirin baş hakimi məşqçi-müəllim Yaroslava Ağaməliyevanın başçılığı ilə dairəvi sistemlə keçirilən turnirə start verilib. Sonda qaliblər müəyyən olub. Qızlardan Paşazadə Hicran I, Ağamaliyeva Fatimə II, Seyidzadə Aysu III yerə, oğlanlar arasında İsa Cəfərli I, Tayfun Karakash II və İsmayıl Alkış III yerə layiq görülüblər.
Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar. Turnir iştirakçıları yarışın sonunda xatirə şəkilləri çəkdiriblər.