Hər bir cərrahi əməliyyatın uğuru ilk növbədə onun nəticəsi ilə ölçülür. Yəni bəlli bir müddət keçdikdən sonra narahatlıq doğuran fəsadların baş verməməsi əsas şərtdir.
Bu amili nəzərə alan ATU-nun Neyrocərrahlıq kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov öz pasiyentlərini daim nəzarətdə saxlayır, onların vaxtaşırı müayinədən keçməsinə xüsusi önəm verir. O, növbəti belə müayinəni bir il əvvəl əməliyyat etdiyi pasiyentin üzərində aparıb. Rentgenoloji müayinə zamanı məlum olub ki, nəticə çox yaxşıdır. Pasiyent əməliyyatdan 2 ay sonra məktəbdə təhsilini davam etdirib. Hal-hazırda heç bir narahatlığı, ağrı-acısı, hərəkət məhdudiyyəti yoxdur. Onurğasında olan əyrilik 99 faiz düzəlib. Önə əyilmək, oturmaq, yürümək və digər fiziki hərəkətləri rahatlıqla edə bilir.
Həkimin sözlərinə görə, uşağın 12 yaşı olanda anası onun onurğasında əyrilik hiss etməyə başlayıb. Klinikaya isə keçən il müraciət olunub: “50 dərəcənin üzərində bir skolioz idi. Çiyinlərində və çanağında qeyri-simmetriya, onurğasında kobud deformasiya vardı. Bu əməliyyat riskli, eyni zamanda kosmetoloji xarakterlidir. Biz əməliyyat zamanı neyromonitordan istifadə edirik deyə, xəstədə sinir ağırlaşması baş vermədi. Çünki əməliyyat vaxtında icra ediləndə, deformasiyanı aradan qaldırmaq və maksimal effekt almaq mümkündür”.