ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və kafedranın assistenti Rüfət Hüseynlinin həmmüəllifliyi ilə işıq üzü görən “Ortopedik stomatologiya. İmplantüstü protezlər” dərsliyinin ingilis və rus dilinə tərcümələrinin təqdimatı olub. Qeyd edək ki, kitab Azərbaycan dilindəki orijinal variantı 2021-ci ildə işıq üzü görüb.
Tədbirdə çıxış edən professor Nazim Pənahov kitabın 3 dildə təqdim olunmasından məmnunluğunu bildirib: “Bu dərsliyimiz uyğun fənnin müasir və beynəlxalq tədrisdə qəbul edilmiş bölmələri tam əhatə edən15 fəsildən ibarətdir. Xatırladım ki, kitabımızın Azərbaycan dilində nəşri Vətən müharibəsinin ildönümü günlərinə təsadüf etdiyindən, biz müəlliflər onu şəhidlik zirvəsinə ucalmış bütün tibb işçilərinin əziz xatirəsinə ithaf etmişik”.
Sonra Şuşanın azad olunması haqda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi çıxışı və ecazkar Azərbaycan musiqisinin müşayiətilə şəhid tibb işçilərinin fotolarından ibarət video-çarx nümayiş olunub.
Kitabın həmmüəllifi Rüfət Hüseynli dərsliyi hazırlayarkən apardıqları araşdırmalarla bağlı iştirakçılara məlumat verib.
Tədbirdə çıxış edənlərdən ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Almaniyanın Medentis şirkətinin Şərqi Avropa ölkələri üzrə təmsilçisi Dr. Sebastian Herdt, Ortopedik stomatologiya kafedrasının məsləhətçi-professoru Zöhrab Qarayev, universitetin Tədris Stomatoloji Klinikasının direktoru t.ü.f.d. Mahir Səfərov, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri t.ü.f.d. Cabbar Həsənov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru Afət Ağazadə, ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, RealDent şirkətinin icraçı direktoru Emin Kərimov kitabla bağlı fikirlərini bölüşüblər. Prorektor Orxan İsayev vurğulayıb ki, artıq beynəlxalq standartlara uyğun kitabımız olduğunu fəxrlə deyə bilərik.
Tədbir ATU-nun rezidentləri üçün təşkil edilən və dental implantologiyanın müasir problemlərinin həllinə həsr olunan mühazirələrlə davam edib.