ATU-nun İmtahan Mərkəzi əlavə imtahanlar təşkil edib
Azərbaycan Tibb Universitetində ötən il dekabrın 29-da başlayan payız semestrinin qış imtahan sessiyası bu il fevralın 1-də başa çatıb. Amma üzrlü səbəbdən imtahanda iştirak etməyən və ya sessiya ərzində 2 fəndən müvəffəqiyyət qazana bilməyənlər ATU-nun İmtahan Mərkəzinin fevralın 3-ü, 6-sı və 7-də təşkil etdiyi imtahanlarda iştirak ediblər.
Bu barədə məlumat verən universitetin İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova rəhbərlik etdiyi qurum tərəfindən imtahanların yüksək səviyyədə təşkil olunduğunu bildirib. Tələbələrin ən çox “Histologiya” fənnindən müvəffəqiyyət qazanmadığını qeyd edib: “Bu semestr Müalicə-profilaktika fakültələrində oxuyan və “Histologiya”dan kəsiri olan 48 əcnəbi tələbə yenidən imtahana qatıldı. Stomatologiya fakültəsindən isə 103 tələbənin adıçəkilən fəndən kəsirləri var idi. Onlardan Azərbaycan bölməsindən 35 nəfər təkrar imtahan verdi. Tələbələr anlamağa başlayıb ki, artıq güzəşt yoxdur, oxumaq yeganə yoldur”.
Ü.Cəfərova tələbələrin digər fənlərdən də kəsirləri olduğunu qeyd edib. Fənlər sırasında “Anatomiya”, “Patoloji fiziologiya” və s. adlarını çəkib. O, eyni zamanda imtahan nəzarətçilərinin aşkar etdiyi qayda pozuntularından da söhbət açıb: “Nəzarətçilərimiz tərəfindən bir tələbənin digər tələbənin əvəzinə imtahan verməsi faktı üzə çıxıb. Bu barədə rektorluğa təqdimat yazılıb. Yəqin həmin tələbə ilə bağlı uyğun qərar qəbul ediləcək”.