Azərbaycan Tibb Universitetinin rektoru və rəhbər əməkdaşların iştirakı ilə “Klinik psixologiya” və “Səhiyyə menecmenti” ixtisasları üzrə ilk magistr məzunlarına diplomların verilməsi mərasimi baş tutub.
Görüşdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu günlərdə qardaş Türkiyədə baş verən təbii fəlakətə görə bütün Azərbaycan xalqının üzüldüyünü, əlindən gələn köməyi göstərməyə çalışdığını bildirib. Rektor, həmçinin ATU ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzalamış bir çox Türkiyə universitetlərinin rəhbərləri ilə danışıqlar apardığını, qardaş Türkiyənin hüznünə şərik olduğumuzu və ehtiyac duyulan istənilən yardımı göstərməyə hazır olduğumuzu onların diqqətinə çatdırdığını qeyd edib.
Daha sonra professor Gəray Gəraybəyli gələcəyin səhiyyə işçilərinə xitabən deyib: “Bu il ilk dəfə olaraq məhz sizin magistr dissertasiya işlərinizə plagiat proqramı tətbiq olundu. Düzdü, bir sıra hallarda plagiat halları aşkarlansa da, sonrakı yoxlamalarda bu problem öz həllini tapdı. Sizlərlə bərabər biz də təcrübə qazandıq, çatışmazlıqlarımızı aşkarladıq və onları düzəltməyin yollarını müəyyənləşdirdik.
2020-2021-ci tədris ilində “Klinik psixologiya” üzrə planlı yerə 10 qəbul olmuşdu ki, 10 nəfər də məzun oldu. “Səhiyyə menecmenti” üzrə isə müxtəlif səbəblərə görə 8 nəfərdən 6 nəfər məzun oldu. Qeyd edim ki, klinik psixoloqların hamısı, “Səhiyyə menecmenti” üzrə isə 4 nəfər fərqlənmə diplomuna layiq görülüb”.
ATU-nun rektoru magistrlara gələcək fəaliyyətlərində uğurlar arzu edib, onları universitetimizdə hansısa vəzifələrdə görəcəyinə inandığını və harada işləsələr, ATU-nun adını ucaldacaqlarına əminliyini vurğulayıb.