“Heydər Əliyev İli”nə həsr olunmuş şahmat turniri keçirilib

 

Fevralın 8-9-da ATU-nun idman kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat turniri keçirilib. Azərbaycan Tibb Universitetin professor-müəllim heyəti arasında keçirilən yarışa kişilərdən və qadınlardan ibarət komandalar qatılıb. Digər institutlardan nümayəndələrin də iştirak etdiyi turnirin sonunda qaliblər müəyyənləşib.

Qadınlar arasında mübarizədə Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı, texnika elmləri üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Afina Əliyeva I, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının əməkdaşı İlhamə Hüseynova II, Əczaçılıq kimyası kafedrasının assistenti Könül Ağamirzəyeva III yeri tutublar. Kişilər arasında mübarizədə isə Hərbi cərrahiyyə kafedrasının müəllimi Asif Əhmədov I, universitetimizin tədris idman kompleksinin əməkdaşı Mahir Abdullayev II, Psixiatriya kafedrasının baş laborantı Ziyadxan Abdullayev III yerə layiq görülüblər.

Yarışlar bitdikdən sonra mükafatlandırma mərasimi olub. Əvvəlcə qardaş Türkiyədə təbii fəlakət nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra çıxış edən “Təbib” idman klubunun sədri Qələndər Aslanov professor-müəllim heyəti arasında müxtəlif idman növləri üzrə yarışların təşkilinə həmişə diqqət yetirildiyini, “Heydər Əliyev İli” elan olunan 2023-cü ildə bu cür yarışlara xüsusi önəm veriləcəyini bildirib.

Mükafatlandırma mərasimində ATU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru Tağı Əhmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nəsimi rayon Gənclər və idman idarəsinin rəisi Şahmar Tağıyev və “Təbib” idman klubunun şahmat üzrə məşqçi-müəllimi Kübra Bacarani də çıxış ediblər. Ulu öndərimiz Heydər Əliyevin idmana və idmançılara hər zaman xüsusi qayğı göstərdiyini xatırladan natiqlər, əməkdaşlarımızın bu yarışlarda həvəslə iştirak etməsini yüksək qiymətləndirərək qalibləri təbrik edib və onların hər birinə uğurlar arzulayıblar.

Sonda qaliblər medal və diplomlarla təltif ediliblər. Birinci yerin sahiblərinə xüsusi kubok da təqdim olunub.