ATU və USAİD əməkdaşlığa başlayır

Beynəlxalq qurumun nümayəndə heyəti universitet rəhbərliyi ilə görüş keçirib

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub. Qonaqları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetdəki tədris prosesi, o cümlədən yeni yaranan ixtisaslar, tədris proqramlarının təkmilləşdirilməsi, xaricdən tələbələrin cəlb olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Universitetimiz üçün beynəlxalq əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor, USAİD-lə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb və bunun hər iki tərəf üçün faydalı ola biləcəyini nəzərə çatdırıb.

Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev bildirib ki, hazırda ATU-da 50 ölkədən 3000 əcnəbi tələbə və rezident təhsil alır: “Universitetimizdə 6 fakültə fəaliyyət göstərir, hər bir fakültə öz ixtisasına uyğun professor-müəllim heyəti ilə komplektləşib. Həmçinin universitet nəzdində 4 klinikamız var. Ölkədəki tələbata uyğun olaraq, ATU-da “Tibb bacısı” və “Fizioterapiya” ixtisasları da yaradılıb”.

Prorektor qeyd edib ki, universitet olaraq USAİD-lə əməkdaşlıq bizim üçün çox önəmlidir: “Ümumdünya Səhiyyə Təşkilatı ilə səhiyyə menecmenti, ailə həkimi sahələri üzrə sıx əməkdaşlıq edir, birgə təlimlər keçiririk. Sizin qurumla da bir simulyasiya mərkəzinin yaradılmasını istərdik. Universitetimizin klinikalarında tədris treninq mərkəzləri fəaliyyət göstərir. Amma təbii ki, bu qədər tələbəsi olan universitetdə bəzən hər tələbəyə xəstə göstərmək mümkün olmur. Məhz buna görə və günümüzün reallığından çıxış edərək, simulyasiya mərkəzinin yaradılmasını planlaşdırırıq. Düzdür, ölkə rəhbərliyinin tapşırığı ilə başqa qurumların nəzdində belə bir mərkəz qurulub. Bizim tələbələrimiz də ora gedirlər. Amma əlçatanlıq və tədris prosesinin keyfiyyəti baxımından ATU-nun özündə simulyasiya mərkəzinin olması vacibdir”.

USAİD Azərbaycan-ın Missiya direktoru Maykl Nirbas görüş üçün təşəkkür edərək, qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyi fikrini dəstəklədiyini bildirib. O, USAİD-lə universitet arasında uyğun istiqamətlərdə fəaliyyətin qurulması üçün işçi qrupun təşkil olunmasını təklif edib: “Bir müddət əvvəl ATU-da Təcili Yardım Sisteminin təkmilləşdirilməsi mövzusunda keçirilən simpoziumda mən də iştirak etmişdim. Həmin tədbirdə də bildirmişdim ki, təcili yardım sisteminin gücləndirilməsi USAID-in Azərbaycanla tərəfdaşlığının əsas məqsədlərindən biridir. Bu istiqamətdə, eləcə də adlarını çəkdiyiniz yeni ixtisaslarla bağlı sizə dəstək olmağa hazırıq”.

Səmərəli müzakirə şəraitində keçən və ilkin razılaşmalarla yekunlaşan görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Nizami Adilov, Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov, İnnovasiya şöbəsinin müdiri Aygün Babayeva, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, USAİD Azərbaycan-ın Layihələr şöbəsinin direktoru Angelina Allen-Mpyisi, layihələrin idarəolunması üzrə mütəxəssis Emin Məmmədli, ABŞ səfirliyinin təhsil üzrə mütəxəssisi Ramina Murşudova da iştirak ediblər.