ATU-nun Biokimya kafedrasında “Heydər Əliyev İli”nə həsr olunmuş elmi-praktik seminar keçirilib.
Seminarı kafedranın professoru Tahirə Əsgərova açaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub: “Bütün təhsil müəssisələrində bununla əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Ulu öndərimizin adı ilə bağlı olan bu günkü seminarımız dosent Akif Hacıyevin müasir elmi yanaşmalarına həsr olunub”.
A.Hacıyev məruzəsinə başlamazdan öncə qeyd edib ki, o, 1981-1986-cı illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. 1989-1992-cı illərdə həmin universitetin Genetika və seleksiya kafedrasında “Biokimya” ixtisası üzrə aspiranturanı bitirib. Sovet dövründə azərbaycanlı tələbələrin Rusiyada qabaqcıl təhsil almasının səbəbkarı Ulu öndərimiz Heydər Əliyev olub: “Məhz onun təşəbbüsü ilə Moskvanın müxtəlif ali məktəblərində çoxsaylı tələbələr təhsil alıb. O cümlədən Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova da M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini başa vurub. Hətta Heydər Əliyev Moskvada təhsil alan tələbələrlə görüşərək onlara tövsiyələrini verib. Bu faktları Ümummilli Liderin təhsilə göstərdiyi diqqətin daha bir nümunəsi saya bilərik”.
Daha sonra dosent Akif Hacıyev “Matriks biosintezi haqqında müasir təsəvvürlər” adlı məruzə ilə çıxış edib.