Əməkdaşların pedaqoji peşəkarlığının inkişafına diqqət yetirilir

Tibb və sağlamlıq elmləri təhsili kafedrasında iki istiqamətdə kurslar təşkil olunub

 

Cari tədris ilinin qış sessiyasında ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasında iki istiqamətdə kurslar keçirilib. Bu “Təbib” qəzetinə məlumat verən kafedranın müdiri, dosent Samir Cavadov “Pedaqoji peşəkarlığın inkişafı” adlı kursun universitet əməkdaşlarının pedaqoji inkişafına yönəldildiyini bildirib.

Onun sözlərinə görə, bu kurs böyük və kiçik qruplarda müasir tədris metodlarının istifadəsi, öyrənmə nəzəriyyələrinin tədrisə tətbiqi, tədris proqramının öyrənmə hədəflərinə uyğun hazırlanması, təkmilləşdirilməsi, bacarıq dərslərinin, bacarıqlara uyğun düzgün qiymətləndirilmənin aparılması, eləcə də ölçmə-qiymətləndirmə üsullarından düzgün istifadə və digər mövzuları əhatə edib. 24 yanvar – 1 fevral və 2-10 fevral 2023-cü il  tarixlərində keçirilən “Pedaqoji peşəkarlığın inkişafı” kursunda 3 qrup olmaqla, ümumilikdə 45 universitet əməkdaşı təlimlərə qatılıb. 

Kafedrada 2-10 fevral tarixlərində keçirilən “Çoxseçimli sualların hazırlanması, tətbiqi və analizi” adlı kurs isə ekspertlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Belə ki, kurs ölçmə-qiymətləndirmə nəzəriyyələri, öyrənmə hədəflərinin hazırlanması, yazılı sualların növləri, çoxseçimli sualların öyrənmə hədəflərinə uyğun hazırlanması, testlərin statistik analizinin aparılması üzrə həm nəzəri, həm də praktik biliklərə yönəldilmiş mövzuları özündə əks etdirib. Bu kursda 6 qrup olmaqla, ümumilikdə müxtəlif kafedraların test üzrə 100 nəfər eksperti iştirak edib.

Kursların sonunda bütün təlim iştirakçılara sertifikatlar təqdim olunub.