Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılovun 50 yaşı tamam olur. Klinikanın direktoru Mücahit Avcil tanınmış həkimi bu münasibətlə təbrik edərək, ona plaket təqdim edib.
M.Avcil şöbə müdirinin yüksək fəaliyyət göstəricilərinə malik olduğunu vurğulayıb: “Sizin kimi həkimlərə, müəllimlərə ehtiyacımız var. Xəstələrdən sizin işinizlə bağlı məmnuniyyət reaksiyaları alırıq. Ümid edirəm ki, bundan sonra da klinikamızda şöbənizin nümunəvi fəaliyyəti ilə seçilənlər arasında olacaqsınız”.
Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xoş sözlər və göstərilən etimad üçün klinikanın direktoruna təşəkkür edib.
Qeyd edək ki, Q.İsmayılov mütəmadi olaraq aztəminatlı ailələr, tələbələr, şəhid və qazi ailələri üçün təmənnasız göz əməliyyatları aksiyaları həyata keçirir. Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsi daim öz həkim briqadası və texnoloji avadanlıqları ilə seçilib. Şöbədə hər cür müasir avadanlıqlar quraşdırılıb və bütün zəruri əməliyyatlar icra edilir.
Biz də öz peşəkarlığı və yüksək şəxsi keyfiyyətləri ilə seçilən həkimimizi təbrik edir, ona uğurlar arzulayırıq!