Bu il Azərbaycan Tibb Universitetində ölkənin ilk təcili tibb təhsili üzrə kurasiya proqramı fəaliyyətə başlayacaq. Proqramın kurikulumunun hazırlanması üçün USAID/Azerbaijanın dəstəyi ilə keçirilən 3 günlük seminar yekunlaşıb.
Seminarda səhiyyə nazirinin müavini Nadir Zeynalov, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri, ATU-nun müxtəlif kafedralarından rəhbər nümayəndələr və təcili tibbi yardım xidmətləri üzrə seçilən həkim qrupunun üzvlərindən ibarət 33 ekspert 4 işçi qrupu tərkibində bacarıq əsaslı kurikulumun yaradılması üçün müzakirələr aparıb. Proqram ambulans və xəstəxanalarda yüksək səviyyəli təcili tibbi yardım üçün gərəkli insan resurslarını gücləndirməyə xidmət edəcək.
Qeyd edilib ki, seminar USAID-in maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ATU-nun əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində reallaşıb. Layihənin əsas fəaliyyət istiqamətlərindən biri kimi, təcili tibbi yardım sisteminin gücləndirilməsinə bundan sonra da dəstək göstəriləcək.