Azərbaycan Tibb Universiteti öz tələbələrinin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması ilə yanaşı, həm də onların ictimai fəallığının artması üçün şərait yaradılmasına çalışır. Bu fikir rektor, professor Gəray Gəraybəylinin aktiv tələbələrlə görüşündə səslənib.
Professor Gəray Gəraybəyli hər il fevral ayında universitet həyatında aktiv iştirak edən, universitetdə gedən sosial-ictimai proseslərdə fərqlənən və şəxsi davranışı, təhsili ilə seçilən tələbələrin təltif olunmasının artıq ənənəyə çevrildiyini bildirib. G.Gəraybəyli qeyd edib ki, hər il fevral ayında qeyd olunan Gənclər Günü gənc nəslin ictimai həyatımızda rolunun artmasına kömək etmək, gənclərin potensiallarına diqqət çəkmək üçün bir imkandır: “Bu əlamətdar tarixi gün Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilib. Ulu Öndərin siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm istiqamətlərindən biridir”.
Ölkəmizdə gənclərin inkişafına yönələn fəaliyyətlərdən söz açan rektor, ATU-da son illər aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə də məlumat verərək, universitetimizin diplomlarının digər ölkələrdə tanınması üçün atılan mühüm addımlardan danışıb. O, tədris proqramlarımızın Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR) tərəfindən beynəlxalq akkreditasiyadan keçdiyini, ikili diplom proqramlarının tətbiqinə başlanıldığını xatırladıb: “Bundan əlavə, artıq 5 ildir ATU-da tələbə-dekanlar var, onlar universitetin şura toplantılarında iştirak edir, qaldırılan məsələlərlə bağlı tələbələrin səsi olaraq, fikirlərini bildirirlər. Mən çalışıram ki, universitetdə dəyişiklikləri siz tələbələrin təklifləri, istəkləri əsasında həyata keçirim”.
Professor Gəray Gəraybəyli iki il öncə Azərbaycana möhtəşəm zəfəri yaşadanların da əsasən gənclər olduğunu vurğulayaraq, bir daha görüş iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda fəal tələbələrə sertifikatlar təqdim edilib.