Tədris Terapevtik Klinikada Tibbi Şuranın növbəti toplantısı keçirilib. Toplantıda klinikanın 2022-ci ildə fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövr üçün vəzifələri müzakirə olunub.
Yığıncaqda giriş sözü ilə çıxış edən klinikanın direktoru, professor Surxay Musayev bu günlərdə qardaş Türkiyədə baş verən təbii fəlakətlə əlaqədar Türkiyə xalqına başsağlığı verib. Azərbaycan xalqının üzüldüyünü, əlindən gələn köməyi göstərməyə çalışdığını bildirən professor, yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib. Sonra zəlzələ nəticəsində həlak olmuş Türkiyə vətəndaşlarının xatirəsi ehtiramla yad edilib.
Toplantıda klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva klinikanın 2022-ci il üzrə müalicə-diaqnostik fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edib. O, həmçinin ötən il ərzində ambulator və stasionar xəstə qəbulu, müəssisənin tibbi fəaliyyəti və mövcud çətinliklər barədə də ətraflı məlumat verib.
Dinlənilən hesabatdan sonra çıxış edən professor Surxay Musayev klinikanın cari məsələləri, mövcud olan problemlər haqqında danışıb və onların həlli istiqamətində ciddi addımların atılmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, klinikada müasir avadanlıqlar və laboratoriya olmasına baxmayaraq, bəzi həkimlər xəstələri müayinə olunmaları üçün başqa tibb müəssisələrinə yönləndirir və bu kimi neqativ hallar aradan qaldırılmalıdır.
Yığıncaqda digər əməkdaşlar da çıxış edərək klinikanın fəaliyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflərini veriblər.