Fevralın 18-19-da Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Kolorektal Cərrahiyyə Dərnəyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Kolorektal Cərrahiyyə Günləri” tədbiri keçirilib.
“Baku Marriott Hotel Boulevard”da baş tutan konfransda giriş nitqi ilə çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov 2015-ci ildə yaradılan ilk Azərbaycan Kolorektal Cərrahiyyə Cəmiyyətinin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Bu cəmiyyətin 2016-2018-ci illərdə elmi seminarlar, praktiki kurslar və digər aktiv işlər apararaq kadr potensialının inkişafında mühüm rol oynadığını vurğulayıb. Qurumun həm də Avropa Kolorektal Cəmiyyətinə üzv seçildiyini söyləyərək qeyd edib ki, elmi araşdırmalarımız ən yüksək impakt faktorlu jurnallarda dərc olunur və bu istiqamətdə fəaliyyətimiz davamlı olacaq. Kolorektal Cəmiyyətin gənc həkimlərin praktiki fəaliyyətinə təkan verəcəyinə əminliyini deyən prorektor, çıxışının sonunda tədbir iştirakçılarına Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Bundan sonra çıxış edən Azərbaycan Kolorektal Cəmiyyətinin sədri, professor Xaləddin Musayev dərnəyin beynəlxalq əlaqələrindən, ilk növbədə Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi ilə sıx işbirliyindən söhbət açıb. Bildirib ki, ölkəmizdə həkimlik fəaliyyəti ilə məşğul olan mütəxəssislərimiz qardaş Türkiyənin nüfuzlu universitetlərində kolorektal cərrahiyyə üzrə təhsil alaraq daim təkmilləşirlər. Dərnəyin apardığı seminarlara dünyanın məşhur mütəxəssislərinin dəvət olunduğunu deyən professor, həmçinin xarici ölkələrdə təcrübə keçən kolorektal cərrahlarımızın əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərdiyini söyləyib.
Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, komitənin üzvü İlham Məmmədov, Türkiyə Kolorektal Dərnəyinin sədri, professor Ayhan Kuzu və Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Kamran Musayev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Çıxış edənlər Qardaş Türkiyədə baş verən dəhşətli faciənin acısını da bölüşərək, həyatını itirənlərə rəhmət, yaralılara şəfalar diləyib, Azərbaycan həkimlərinin zəlzələ bölgələrində yaralılara təmənnasız tibbi xidmət göstərməsini qardaşlıq borcu kimi dəyərləndiriblər.
İki gün davam edən konfransda kolorektal cərrahiyyənin aktual problemlərinə dair Türkiyə və Azərbaycan mütəxəssislərinin elmi məruzələri dinlənilib.