Fevralın 17-də Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində 2021/2022-ci tədris ilinin məzun rezidentləri üçün yekun attestasiyanın test mərhələsi, fevralın 23-də isə yekun attestasiyanın praktiki komponent mərhələsi keçirilib.
ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Məlahət Sultanovanın bildirdiyinə görə, yekun attestasiyanın test mərhələsinə buraxılan 60 rezidentdən 7-si imtahana gəlməyib: “İmtahanda iştirak edən 53 rezidentdən 2-si imtahandan keçə bilməyib, 51-i müvəffəqiyyət qazanaraq, yekun attestasiyanın praktiki komponent mərhələsinə buraxılıb. Bir nəfər rezidentin 2022-ci ilin noyabrında test mərhələsindən keçdiyini nəzərə alaraq, praktiki komponent mərhələsinə buraxılan 52 rezidentdən 1-i imtahanda iştirak etməyib. Bu mərhələdə iştirak edən 51 rezident isə hər iki mərhələdə müvəffəqiyyət qazanıb”.