Fevralın 19-23-də Hindistanın Gandinagar şəhərində Dünya Pediatrlar Assosiasiyasının 30-cu Konqresi və Hind Pediatrik Akademiyasının 60-cı konfransı keçirilib. Hindistan 46 ildən sonra ilk dəfə IPA 2023 Konqresinə ev sahibliyi edib.
Konfransda müxtəlif ölkələrdən 500 nümayəndə, dünyanın aparıcı tibb jurnallarının redaktorları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi dr. Sumya Svaminathan iştirak edirdi.
IPA Konqresi yerli və xarici məşhur pediatrları bir araya gətirərək, müxtəlif mövzular, o cümlədən yeni tədqiqatlar, innovasiyalar, qabaqcıl texnologiyalar, tibbi avadanlıqlar, pediatriyanın üzləşdiyi problemlər və onların həlli yollarını müzakirəyə çıxarıb. Bundan əlavə, İnnovasiya Mərkəzində dünyanın hər yerindən ən son innovasiyalar - texnologiyalar, tibbi alətlər və avadanlıqlar nümayiş etdirilib.
Beynəlxalq tədbirdə Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) prezidenti, ATU-nun dosenti Təranə Tağızadə onlayn və ATU-nun II Uşaq xəstəlikləri kafedrasının əməkdaşı, APA-nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, ATU-nun Tələbə Həmkarlar İttifaqının sədri Qoşqar İsmayılov əyani məruzələrlə çıxış ediblər.
Q.İsmayılovun çıxışı “Genetik testlərin aparılmasında etik problemlər" mövzusuna həsr olunub. Məruzədə Azərbaycan prezidenti İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın səhiyyə və uşaq sağlamlığına göstərdikləri böyük diqqət xüsusi vurğulanıb.