ATU-nun Tədris Cərrahiyyə Klinikasında 1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə “Fövqəladə hadisələr zamanı risklər və kütləvi informasiya vasitələrinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbiri açan TCK-nın Mülkü Müdafiə Qərargahının rəisi Azər Cəfərovun verdiyi məlumata görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Azərbaycan isə 1993-cü ildən həmin təşkilatın üzvüdür. A.Cəfərov iştirakçıların nəzərinə çatdırıb ki, bu günün hər il qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir: “Bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi, Tibb Universitetində və eləcə də klinikamızda hər il müxtəlif seminarlar və toplantılar keçirilir, mülki müdafiə işi ilə bağlı tədbirlər təşkil olunur. Burada əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının düzgün mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.
Tədbirdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edən söhbətlər aparılıb və əyani vəsaitlər, o cümlədən yanğının söndürülməsi nümayiş olunub.
Toplantıda klinikanın bir qrup əməkdaşı iştirak edib.