Azərbaycan Tibb Universitetində bu semestrdən etibarən I Daxili xəstəliklər kafedrasında 3-cü kurs tələbələrinə nefrologiya və kardiologiya fənləri tədris olunmağa başlayıb. Adıçəkilən kafedranın müdiri, professor Vəsadət Əzizovun bildirdiyinə görə, Elmi Şura daxili xəstəliklər kafedralarında fənlərin ixtisas bölgüsü ilə aparılması ilə bağlı qərar qəbul edib:
“Biz bunun doğru qərar olduğunu qəbul edirik. Mənim rəhbərlik etdiyim kafedraya isə kardiologiya və nefrologiya üzrə tədrisin aparılması həvalə olunub. Kardiologiya üzrə mütəxəssislərimiz kifayət qədər olsa da, nefrologiya sahəsində azlıq təşkil edir. Kafedramızda Nefrologiyanın tədrisi bu sahənin mütəxəssisləri Aytən Məmmədzadə ilə Şəlalə İsmayılovaya tapşırılıb. Hesab edirəm ki, adıçəkilən fənnin tədrisinin bu sahədə savadlı mütəxəssislərin hazırlanmasında böyük əhəmiyyəti olacaq”.
I Daxili xəstəliklər kafedrasının dosenti, Tədris Terapevtik Klinikanın Nefrologiya şöbəsinin müdiri Aytən Məmmədzadə də bu ildən etibarən 3-cü kursda 40 qrupa nefrologiya fənninin tədris olunduğunu bildirib: “Qrupların 16-sı əcnəbi, 24-ü isə yerli tələbələrdən ibarətdir. İki ixtisaslı mütəxəssis tədrisin keyfiyyətli şəkildə təşkili məqsədilə mühazirə materiallarının və praktik dərslərin hazırlanması ilə məşğul olur”.
Dosent, dünyada nefroloji xəstəliklərin günü-gündən artdığını, bunların sırasında böyrək xəstəliklərinin önə çıxdığını qeyd edib. Böyrək patologiyalarında əsas çətinliyin xəstələrin özlərindəki problemdən gec xəbər tutmaları və bu səbəbdən də həkimə ağırlaşmış mərhələlərdə müraciət etmələri olduğunu bildirib: “Şəkərli diabet, arterial hipertenziyalı xəstələrdə ağırlaşmaların baş verməsi də böyrək patologiyaları ilə nəticələnir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də bu sahəyə son zamanlar diqqət artırılıb və bu istiqamətdə mütəxəssislər yetişdirilir. Bunun isə təməli, təbii ki, Tibb Universitetindən başlayır və tələbələrimiz universitetdə baza biliklərinə sahib olmalıdırlar”.
A.Məmmədzadə tədrisin istiqamətləri, tələbələrə klinik bacarıqların necə öyrədilməsi ilə bağlı da məlumat verib: “Dünyadakı ən yeni ədəbiyyatlardan istifadə edirik. Nefrologiyaya aid olan klinik bacarıqları təqdim edir, Tələbə Elmi cəmiyyətlərində iştirak üçün mövzular verir, sonra onlardan öyrətdiklərimizi soruşuruq. Aprel ayında TEC-də məruzə ilə çıxış etməsi üçün 5 nəfəri nefrologiya üzrə hazırlayırıq.
Kafedrada 2 nefroloji şöbə - Stasionar və hemodializ, Efferen terapiya şöbələri fəaliyyət göstərir. Hər iki şöbədə xəstələrimiz müalicə alır. Xəstələrin diaqnostika və müalicəsini tələbələrimizə də nümayiş etdiririk ki, bilikləri praktik cəhətdən də möhkəmlənsin”.
Dosent nefrologiyaya aid dərs vəsaitinin işıq üzü gördüyünü, kafedranın nefroloqlarının müasir ədəbiyyat və protokollara əsaslanaraq yeni dərslik üzərində işlədiyini də diqqətimizə çatdırıb: “Tələbələrə təqdim etdiyimiz materialları prezentasiya və çap formasında Elektron Tələbə Sistemimizə də yerləşdiririk. Bu, tələbələrin təməl biliklərini daha da yüksəltmək üçündür. Ümid edirik ki, bu fənn daha da inkişaf edəcək, tələblərimiz universitetdə nefroloji biliklərə tam yiyələnəcək və yaxın gələcəkdə nefrologiya üzrə rezidenturaya daxil olanların sayı artacaq”.