Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin Tibb fakültəsinin İctimai sağlamlıq kafedrasının müəllimi Çiğdem Samanci Tekin fevralın 16-dan martın 3-dək Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili və Yoluxucu xəstəliklər kafedralarında akademik fəaliyyət göstərib.
Qonaq müəllim bu müddətdə tələbələr və maqistrlər üçün mühazirələr oxuyub, praktik məşğələ dərsləri keçirib. O, İctimai səhiyyə fakültəsinin digər kafedraları ilə də tanış olub, Türkiyədə səhiyyə sistemi və tibb təhsilinin incəlikləri barədə müzakirələr aparılıb.
Dr. Samanci Tekin ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva tərəfindən qəbul edilib. Görüş zamanı universitetimizdə, o cümlədən İctimai səhiyyə fakültəsində aparılan tədris islahatları və yeniliklər barədə ətraflı məlumat verilib. Qardaş ölkə Türkiyənin bir çox universitetləri ilə sıx əməkdaşlıq fəaliyyətindən danışılıb. Qonaq müəllim ATU-dakı akademik fəaliyyətinin maraqlı və məhsuldar keçdiyini ifadə edib.
Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, müdir müavini, dosent Nigar Ələkbərova və mübadilə proqramları üzrə koordinator Dünya Bayramova da iştirak ediblər. Görüşün sonunda qonaq müəllimə müvafiq sertifikat təqdim olunub.