Azərbaycan Tibb Universiteti (ATU) ölkəmizin ali məktəbləri arasında əcnəbi tələbələrinin sayına görə liderdir. Hazırda ATU-da 30-dan çox xarici ölkə vətəndaşı tələbələr təhsil alır. Tibb Universiteti dünyanın müxtəlif ölkələrindən olan ali məktəblərlə yaxından əməkdaşlıq edir. Yaxın vaxtlarda onların sırasında Belarusdan olan tələbələr də daxil olacaq. Bu barədə ATU və Belarus Dövlət Tibb Universitetinin rəhbər şəxsləri arasında onlayn görüş zaman ilkin razılaşma əldə olunub.
Görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli universitetin tarixi, müasir dövrdə fəaliyyəti, beynəlxalq standartlara uyğun tədris proqramı haqqında ətraflı məlumat verib, hazırda ATU-da 3 minə qədər xaric tələbənin olduğunu bildirib. ATU-nun dünyanın 80-ə yaxın elm və təhsil qurumu ilə əməkdaşlıq etdiyini bildirən rektor G.Gəraybəyli bu sırada Belarusdan həmkarların da olmasını mümkün sayıb.
Belarus Dövlət Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Sergey Rubnikoviç rəhbərlik etdiyi ali məktəbin ölkədə unikal təhsil, elm və tibbi praktika mərkəzi sayıldığın, burada 52 dövlətdən 2 minə yaxın xarici tələbə təhsil aldığını bildirib: “Belarus və Azərbaycan tibb universitetlərini oxşar cəhətləri çoxdur. Hər qurum elmi, tədris və müalicəvi sahədə unikal təcrübəyə malikdir. Bu baxımdan ATU ilə əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması bizim üçün çox maraqlıdır”.
Qeyd olunub ki, iki dövlət başçıları arasındakı dost münasibəti nəzərə alaraq bu ölkələrin ali məktəbləri də qarşılıqlı maraq kəsb edən məsələləri müzakirəyə çıxarmalıdırlar. Sonda tərəflər təhsil, elmi, müalicəvi və beynəlxalq əlaqələr sahəsində qarşılıqlı fəaliyyətin istiqamətlərini müəyyənləşdiriblər.
Görüşdə Belarus Dövlət Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru , professor Vasiliy Rudenok, ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq Əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, İnnovasiya və tədrisdə keyfiyyət şöbəsinin müdiri baş müəllim Aygün Babayeva, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.