Böyrəklərin sağlamlığı üçün gündə 2 litr su

 

 

Böyrək daşı problemindən əziyyət çəkən şəxslər tərkibində oksalat maddəsi olduğu üçün xüsusən çərəz, ispanaq və kakao istehlakını azaltmalıdır. Bunu ölkə mətbuatına açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-nefroloqu Barat Yusubov deyib.

Protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsinin böyrəklərin fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd edən mütəxəssis deyib: “Böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidir. Yemək qəbulu zamanı protein qəbul edirsinizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin".

Nefroloqun sözlərinə görə, kifayət qədər su istehlakı maddələr mübadiləsinə müsbət təsir edir: “Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə, maddələr mübadiləsi zəifləyir və böyrəklərdə daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat kimi maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir. Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul edin. Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yaratdığını hiss edirsinizsə, su miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz".