Martın 9-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) Azərbaycan Tibb Universiteti Bölməsinin toplantısı keçirilib.
Toplantıda universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çıxış edib. Bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ATU Bölməsinin sədri başqa işə keçməsi ilə əlaqədar olaraq, qurum bir müddət aktiv fəaliyyətini dayandırıb. Bölmənin əvvəlki fəaliyyətini özünə qaytarmaq üçün təşkilati məsələlərə baxılacağını qeyd edib. Səs çoxluğu ilə Tibbi və bioloji fizika kafedrasının professoru Hüseyn Abıyev Bölməyə sədr, II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Zivər Hüseynova isə sədr müavini seçilib. Sonra isə İdarəetmə Şurasına, Maliyyə Komissiyasına üzvlər seçiliblər.
Toplantıda iştirak edən Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfiqar Musabəyov və Azərbaycan QAC-ın vitse-prezidenti Qafar Əsgərzadə də Bölmənin yeni seçilmiş sədr və sədr müavininə, o cümlədən üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Q.Əsgərzadə çıxışında QAC-ın unversitet böməsinin 18 il öncə yaranmasından və aktiv fəaliyyətindən söhbət açıb:” Martın 10-u Azərbaycan QAC-ın yaranmasının 103 yaşı tamam olur. Cəmiyyətimiz ölkəmizdə yeganə qurumdur ki, səhiyyə işçiləri və Tibb Universitetinin əməkdaşları ilə birgə işləyir. Məqsədimiz xeyirxahlıqdır, kimsəsiz insanlara yardım etməkdir. 60-dan çox əməkdaşımız orden və medallarla təltif olunub. Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Aypara Cəmiyyətləri Federasiyasının üzvüdür. Yəqin bilirsiniz ki, Beynlxalq mükafat olaraq, “Florens Naytingeyl” medalı yalnız tibb bacıları və qardaşlarına verilir. Dünyada bu medalı cəmi 1500 nəfər alıb, onlardan 13 nəfəri Azərbaycanın payına düşür. Əməkdaşlarımızdan 2-si sovet dönəmində, 11-i isə 2005-ci ildən bu yana təltif olunublar. Bu isə Cəmiyyətimiz üçün olduqca böyük göstəricidir”.