Klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov bildirib ki, seminarın gündəliyinə salınan mövzular bu günümüzdə aktual problemə çevrilən Tiroid düyünlərin diaqnostikasına, müayinə və müalicəsinə həsr edilib. Məruzəçilər isə bu sahədə tanınmış və təcrübəli mütəxəssislərdir. Sonra söz məruzəçilərə verilib.
III Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, cərrah Esmira Məmmədova “Tiroid düyünlərin diaqnostikasında TİRADS və Bethesda təsnifatının əhəmiyyəti”, PSYCH-K üzrə mütəxəssis Mirşahin Əlizadə “Biopsiya öncəsi xəstələrin psixoloji vəziyyəti” və I Cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətov isə “Qalxanvari vəzin hansı düyünlərində biopsiya necə aparılmalı” mövzularında çıxış ediblər. Tədbirdə yüksək həssaslıq və spesifikliyə malik TİRADS sistemləri və Bethesda barədə yeniliklər nəzərə çatdırılıb, bu təsnifatın birgə tətbiqinin lazımsız biopsiya və əməliyyatların azalmasına gətirib çıxardığı söylənilib.
Məruzələrdə müxtəlif xəstəliklər və stress arasındakı əlaqədən, müalicə müddəti ərzində şüuraltı inanclar və yıxıcı stressin balanslaşdırılmasından, həmçinin sürətli, asan və müasir dəyişiklik üsullarından söhbət açılıb. Mütəxəssislər əldə etdikləri təcrübələrin praktik xəstəlik hallarında necə tətbiq olunduğunu gənc həkim və rezidentlərə izah ediblər.
Bundan sonra hər üç mövzu ətrafında geniş müzakirələr aparılıb, həkim və rezidentlərin sualları məruzəçilər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, elmi-praktik seminar Uşaq xəstəlikləri kafedrasının assistenti Namiq Xəlilov və I Cərrahi xəstəliklər kafedrasının dosenti Abbas Abbasovun birgə moderatorluğu ilə keçirilib.