ATU-nun komandası XV Universiadanın şahmat üzrə qalibi olub

 

         Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, “Gənclik” Tələbə İdman Cəmiyyətinin birgə təşkil etdiyi Ali Təhsil Müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat üzrə XV Respublika Universiadası keçirilib.

Azərbaycan Tibb Universitetini yarışda “Təbib” idman klubunun məşqçi-müəllimi Kübra Bacaraninin rəhbərliyi ilə 3 oğlan və 2 qız tələbə təmsil edib. Bu haqda “Təbib” qəzetinə “Təbib” idman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru Qələndər Aslanov məlumat verib.

         Onun sözlərinə görə, yarışda 15 komandanın iştirakı gözlənilsə də, əsasnaməyə görə Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasının sırf peşəkarlardan ibarət olduğu nəzərə alınaraq, həmin komandaya müsabiqədən kənar texniki 1-ci yer verilib. Beləliklə, qalan 14 komanda öz aralarında 7 turdan ibarət SXVENİNGEN sistemi üzrə mübarizə aparıb. Burada Azərbaycan Tibb Universitetinin komandası ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universitetinin komandaları da favorit komandalar sayılırdı.

         Komandamız gərgin mübarizədən sonra Bakı Mühəndislik Universiteti ilə eyni - 7 oyunda 35 mümkün xaldan 25 xal toplayaraq 1-ci və 2-ci yerləri bölüşüb. Öz aralarındakı görüşə və əlavə hesablamalara görə, ATU-nun komandası 1-ci yerə layiq görülüb. Komandamızın hər bir iştirakçısı və komandanın rəhbəri diplom və medalla təltif olunub.

Qeyd edək ki, komandamızın tərkibinə Fərid Məlikov (I MPF), Zaur Balayev (II MPF), Vüsal Həsənzadə (HTF), Elyanura Hicran (rezident) və Nuranə Rəhimli (Əczaçılıq) daxil idi.