Amerikalı professor ATU-nun rəhbərliyi ilə görüşüb
Harvard Universitetinin (ABŞ) uşaq psixiatrı, professor Kerim Munir Bakıya səfəri çərçivəsində Azərbaycan Tibb Universitetini ziyarət edib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə qonağın Bakıda keçirdiyi təlim proqramı və onun əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
 
Professor Kerim Munir qeyd edib ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində “Tədqiqat təklifləri necə yazılmalıdır” adlı dördgünlük təlim proqramı təşkil olunub. Tədbirdə təlimçi qismində iştirak edən K.Munir uşaq psixiatriyası üzrə tədqiqat təklifləri yazmaq və tədqiqat layihələri ilə bağlı maliyyəni təmin etmək istiqamətində məlumatları bölüşüb. Tədqiqatçılar, klinik psixoloqlar və psixi sağlamlıq mütəxəssislərinin qatıldığı təlim proqramında ATU-nun əməkdaşları da iştirak ediblər.
 
ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu cür tədbirlərin tədqiqat aparmaq və layihə hazırlamaq üzrə bacarıqlarını təkmilləşdirmək istəyən mütəxəssislər üçün çox faydalı olduğunu vurğulayıb. Qeyd edib ki, burada məqsəd qarşılıqlı təcrübə mübadiləsi olmaqla yanaşı, ölkədə gənc tədqiqatçı və alimlərin yetişdirilməsinə də kömək etməkdir.
 
Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov iştirak ediblər.