Şagirdlərin ATU-ya ekskursiyası təşkil olunub

 

Bu günlərdə şagirdlərə təmənnasız təhsil verən "Fortis Academy" şirkətində təhsil alan şagirdlərin Azərbaycan Tibb Universitetinə ekskursiyası baş tutub. 

Qeyd edək ki, bu tədris mərkəzində şəhid və qazi ailələrinin övladları ilə yanaşı, sosial təminatı zəif olan ailələrin övladları da ödənişsiz təhsil alır. Məqsədi təhsilə marağı olan, amma müəyyən səbəblərə görə təhsil ala bilməyən 9, 10, 11-ci sinif şagirdlərinə kömək göstərmək olan bu qurum mütəmadi olaraq şagirdlərin müxtəlif universitetlərə səfərini həyata keçirir.

Bu dəfə isə tədris mərkəzində 4-cü blok üzrə hazırlaşan şagirdlərin Azərbaycan Tibb Universitetinə ekskursiyası təşkil olunub. ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şagirdlər tədris korpusları, kitabxana və zallar, kafedralarla əyani tanış olublar. Anatomiya, Histologiya və digər təməl kafedralarda şagirdlərə geniş məlumatlar verilib.

Ekskursiyanın sonunda təhsil mərkəzinin nümayəndəsi, müəllim Sevda Fərzəliyeva bildirib ki, əyani tanışlıq şagirdlərdə dərin iz buraxıb. Bu onların gələcəkdə universitet seçimi zamanı əhəmiyyətli rol oynayacaq.