Martın 9-da Şüa diaqnostikası və terapiyası kafedrasında Tələbə Elmi Cəmiyyətinin ilkin seçim konfransı keçirilib. Tədbiri giriş sözü ilə II Müalicə-profilaktika fakültəsi TEC-in sədri Eyyub Miriyev açaraq, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib. Cəmiyyətin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edib.
Adıçəkilən kafedranın müdiri, professor Məlahət Sultanova ötən il II MPF üzrə keçirilən TEC-in konfransında rəhbərlik etdiyi kafedradan təqdim olunan işin 1-ci yerə layiq görüldüyünü bildirib: “Kafedramız hər il TEC-in təşkilində fəal iştirak edir. Bunu uğurlarımızın nəticəsi hesab etmək olar. Bu il tələbələri qiymətləndirmək üçün münsiflər heyətinə Şüa diaqnostikası və terapiyası kafedrasından dosent Hicran Əsgərova, Ümumi cərrahiyyə kafedrasından assistent Elnur Qasımov, Normal fiziologiya kafedrasından assistent Günay Eminova seçiliblər”.
Qeyd edək ki, konfransda radiologiyadan 8 elmi iş dinlənilib və münsiflər tərəfindən Azərbaycan bölməsi üçün 4, ingilis bölməsi üçün 1 elmi iş bəyənilib. Tələbələrdən Vüsal Ramazanov, Şafax Əsgərova, Zeynəbxanım Həbibova, Zivər Hüseynova, Zöhrə İsmayılova, Sənan Rüstəmov, Omama Maan Salim, Mohammad NM Zaid, Abdullah Chhab fakültə TEC-in konfransında iştirak etmək hüququ qazanıblar.