Martın 14-də Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində dekan seçkisi keçirilib. Fakültə Elmi Şurasının genişləndirilmiş iclasını universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb.
Tədbir iştirakçılarını salamlayan prorektor, gündəlikdə duran məsələyə keçməzdən öncə bəzi məqamlara toxunub. Prorektor bir neçə gün əvvəl Səhiyyə Nazirliyinə dəvət olunduqlarını, görüş zamanı əczaçılığın müəyyən problemləri, xüsusilə də ayrı-ayrı institutlarda, hətta texnikumlarda əczaçılığın tədrisi ilə bağlı geniş müzakirələrin aparıldığını xatırladıb. Qeyd edib ki, müzakirələrdə bu fakültənin fəaliyyətinə çox ciddi nəzər yetirildiyi bir daha aydın olub. Bundan başqa, universitetimizin üç ixtisas, o cümlədən əczaçılıq üzrə beynəlxalq akkreditasiyadan keçməsini böyük nailiyyət kimi dəyərləndirən S.Əliyev bildirib ki, bu uğur istər-istəməz xarici tələbələrin universitetimizə axınına stimul verir. “Perspektivli gənc kadrların hazırlığı, əsasən də onların dil öyrənmələri daim diqqət mərkəzində saxlanılmalıdır” – deyən prorektor, eyni zamanda əməkdaşların nizam-intizam, etik davranış qaydalarına ciddi riayət etməsinin zəruriliyini də vurğulayıb. Həmçinin mühazirə mətnlərinin universitetin saytında yerləşdirilməsi, ekspertlərin testləri vaxtında hazırlaması və tələbələrə qayğı göstərilməsi istiqamətində görüləsi işlərdən danışıb.
Universitetin Elmi katibi, professor Nazim Pənahov keçən il dosent Kamandar Yaqubovun Tədris departamentinin rəhbəri təyin olunduğunu və bu səbəbdən Əczaçılıq fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edildiyini bildirib. O, mövcud əsasnaməyə uyğun olaraq həmin vəzifəyə namizədliyi irəli sürülən dosent Fərəh Mədətlinin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Dekanlığa namizəd, dosent F.Mədətli öz platformasını təqdim edərək, seçiləcəyi təqdirdə doğma universitetin, Əczaçılıq fakültəsinin imicini yüksəltməyə, tələbələrin nəzəri bilik və praktik vərdişlərinin daha da artırılmasına çalışacağını söyləyib.
Bundan sonra üç nəfərdən ibarət hesablayıcı komissiya formalaşdırılıb. Komissiyanın elan etdiyi nəticəyə görə, dosent F.Mədətli gizli səsvermə yolu ilə Əczaçılıq fakültəsinin dekanı seçilib.
Son dövrlərdə fakültə dekanlarına geniş səlahiyyətlər verildiyini xatırladan S.Əliyev, bunun həm də böyük məsuliyyət yaratdığını diqqətə çatdırıb, indiyədək böyük təcrübə toplayan Fərəh xanımın ona göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib və uğurlar arzulayıb.