Ümummilli Liderin 100 illiyinə həsr edilmiş konfrans
Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Günü ilə əlaqədar tədbir keçirilib
Martın 15-də ATU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 20 Mart - Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Konfransı açan ATU-nun Terapevtik stomatologiya kafedrasının professoru Rizvan Məmmədov bildirib ki, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA) artıq 25 ildir ki, bu əlamətdar günü qeyd edir. Bu il isə tədbir Ulu Öndərin 100 illiyinə həsr olunub.
Uşaq stomatologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva vurğulayıb ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox təşkilatlar yaranıb. Bunlardan biri də Azərbaycan Stomatoloji Assosiasiyasıdır: “Assosiasiyamız 1997-ci ildə təsis olunub və yarandığı gündən başlayaraq, beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilatımız artıq 1998-ci ildən etibarən beynəlxalq stomatoloji forumlarda aktiv iştirak edərək, respublikamızda da stomatologiyanın müxtəlif sahələrinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Əsas məqsədlərimizdən biri ondan ibarət idi ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün addımlar atsın. Çünki dünyadakı stomatoloji yenilikləri, texnologiyaları əldə etmək, bu sahədəki praktikanı genişləndirmək ölkə stomatologiyasına müasirlik gətirməyə imkan verir”.
ASA-nın fəaliyyət istiqamətlərindən söhbət açan R.Əliyeva söyləyib ki, ilk istiqamət beynəlxalq fəaliyyətlə bağlıdır: “FDİ-də fəaliyyətini uğurla davam etdirən ASA 2005-ci ilin nəticələrinə görə beynəlxalq təşkilatın inkişaf fondunun donorlarından biri kimi tarixə düşüb. Həmçinin ASA Azərbaycanda beynəlxalq stomatologiyanın aktual problemlərinə həsr olunmuş konfranslar keçirib. Bununla yanaşı, ASA-nın nümayəndələri hər il FDİ tərəfindən təşkil edilən bütün konqreslərdə yaxından iştirak ediblər. İkinci istiqamət isə ölkədaxili fəaliyyətimizdir. Belə ki, ASA Azərbaycanın paytaxtı ilə yanaşı, bölgələrdə də müxtəlif layihələr həyata keçirib. Artıq ənənə halını alan bu işlərdə həkimlər üçün maarifləndirici aksiyalar təşkil olunub. ASA-nın işinin əhəmiyyətli mərhələlərindən biri də assosiasiyamızın dövri mətbuat orqanının yaradılmasıdır. “Qafqazın Stomatoloji Yenilikləri” adlı dərgimiz apardığımız işlərin hesabatlarını, qarşıda dayanan məqsəd və məramımızı oxucuların diqqətinə çatdırır. Dərginin redaksiya heyətinə MDB-nin və digər xarici ölkələrin görkəmli alimləri daxildir”.
Daha sonra “5ADent” və “ZDent” klinikalarının ortodontu, t.ü.f.d. İsmayıl Yaqublu “Sagital anatomiya okkluzisiyası olan pasiyentlərdə alt çənə hərəkətləri və qamət pozuntularının əldə edilmiş rəqəmsal məlumatların qarşılıqlı əlaqələri” və ATU-nun Uşaq stomatologiyası kafedrasının assistenti Sevinc Nağıyeva “Şəkərli diabetli uşaqlarda diş əti xəstəliklərinin diaqnozu və müalicəsi” mövzularında çıxış ediblər. Nəzərə çatdırılıb ki, bu assosiasiya yalnız stomatoloji xəstəliklərlə bağlı deyil, həm də digər sahələr üzrə fəaliyyət proqramları təşkil edir. Belə ki, 1999-cu ildən başlayaraq, assosiasiya şəkərli diabet xəstəsi olan uşaqlar üçün ağız boşluğunu sağlamlaşdırmaq istiqamətində proqram həyata keçirir.
Konfransda ATU-nun Ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev, Tədris Stomatoloji Klinikanın direktoru, t.ü.f.d. Mahir Səfərov, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, eləcə də bu sahəyə dair kafedraların mütəxəssisləri, tələbələr və rezidentlər iştirak edirdilər.