ATU-nun əcnəbi tələbələri üçün Novruz tədbiri təşkil olunub

Martın 15-də Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Gənclərlə iş üzrə şöbəsinin əməkdaşları Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələr üçün tədbir keçirib.

Xarici tələbələr üzrə dekan Natiq Bayramov bildirib ki, tədbir “Novruz atributları, bayram ənənələri və keçirilmə qaydaları” mövzusundadır: “Bu təşəbbüs tərəfimizdən xoş qarşılandı. Çox istərdik ki, universitetimizdə təhsil alan 48 ölkədən 2800-ə yaxın əcnəbi tələbə xalqımızın milli bayramı barədə məlumat əldə etsin və adət-ənənələrimiz barədə təsəvvürləri olsun”.

Adıçəkilən şöbənin rəhbəri Aydan Haşımova çıxışında tələbələri Novruz bayramı, onun atributları və bu atributların hansı rəmzi mənalar daşıdığı haqda məlumatlandırıb. Bayramqabağı yetişdirilən səmənidən, bişirilən şirniyyatlardan, Keçəllə Kosadan və Bahar qızdan danışıb. Tədbirdə milli kişi və qadın geyimləri nümayiş olunub.

Novruz bayramı keçirilən ölkələrdən olan tələbələr də öz adət-ənənələrindən bəhs edib, A.Haşımovanın bayramın detalları ilə bağlı suallarını cavablandırıblar. Sonda suallara dəqiq cavab verənlərə  bayram hədiyyəsi təqdim olunub.

Tədbir əcnəbi tələbələr tərəfindən maraqla qarşılanıb.