Martın 15-də Azərbaycan Tibb Universitetində Əczaçılıq fakültəsi, “AVİS tibbi mağazalar şəbəkəsi” və “Əczaçılar Klubu” İctimai Birliyinin birgə layihəsi çərçivəsində “Əczaçılıqda peşəkarlığa doğru” adlı tədbir keçirilib.
Fakültənin tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə dekan, dosent Fərəh Mədətli açıb. O, tələbələrə təqdim olunacaq təcrübə proqramı barədə ətraflı məlumat verərək, bunun ölkəmizdə bir ilk olduğunu bildirib. Qeyd edib ki, 2 aylıq təcrübəni uğurla başa vuran tələbələrə sertifikat veriləcək.
Tədbirdə “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov, “AVİS”in İnsan resursları şöbəsinin rəhbəri Afaq Əhmədpaşayeva, filial rəhbərləri Leyla Allahverdiyeva, Nərmin Xəlilova da çıxış ediblər. Onlar çalışdıqları şirkət və təqdim etdikləri proqramın mahiyyəti barədə ətraflı məlumat verərək, bunun tələbələrin təcrübə qazanmasında müstəsna rolu olacağından danışıblar.
Qeyd edək ki, proqramda iştirak könüllü xarakter daşıyır. Əczaçılıq sahəsində tanınmış mütəxəssislər tələbələrə 2 aylıq təlim keçəcək. Sonda qazandıqları təcrübə ilə bağlı imtahandan uğurla keçənlərə sertifikatlar veriləcək, arzu edənlər işlə təmin olunacaq.
Proqramın təqdimatı tələbələr tərəfindən maraqla qarşılanıb və sual-cavab şəklində davam edib.