Zəlzələ bölgəsində könüllü işləyən ATU həkimlərinə fəxri fərman təqdim olundu

 

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bütün Azərbaycan ayağa qalxdı və təbii fəlakətdən zərərçəkənlərə hər istiqamətdə yardım kampaniyası başlandı. Maddi və mənəvi yardımla yanaşı, çoxsaylı həkimlərimiz də Türkiyədə xidmət göstəriblər. Bu kampaniyada Azərbaycan Tibb Universitetinin əməkdaşlarının da təmsil olunduğu Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) yaxından iştirak edib. Zəlzələ bölgəsində bu assosiasiyanın fəaliyyəti haqqında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında təqdimat  keçirilib.

Tədbirdə AKHA-nın rəhbəri, ATU-nun Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oqtay Mehdiyev çıxış edərək həkimlərimizin könüllü olaraq yardımı ilə bağlı məlumat verdi. Təqdimatda Kahramanmaraş şəhərində AKHA üzvlərinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri ilə birlikdə  mobil səhra hospitalının qurulmasındakı fəaliyyəti, həkimlərin həyata keçirdiyi digər işlər haqqında bildilər yer alıb.

Təqdimatdan sonra çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Avcil Mücahit Azərbaycan dövlətinin və vətəndaşlarının bu yanaşmasından çox təsirləndiyini bildirərək ümumilikdə Türk milləti adından təşəkkürünü çatdırdı: “Bu fəlakətdən dərhal sonra yanımızda ilk  Azərbaycanı gördük. Elə təqdimatdan da aydın olur ki, zəlzələdən zərərçəkən vətəndaşlarımıza hər cür yardım göstərmisiniz. Şəxsən öz adıma bu diqqətə görə çox duyğulandığımı və qürurlandığımı deyə bilərəm. İnanıram ki, bu qardaşlığımız daimi olacaq, bayraqlarımız əbədi olaraq yanaşı qalacaq”.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Mətbuat üzrə müşaviri Hüseyin Altınalan Azərbaycan ictimaiyyətin hər təbəqəsinin bu zəlzələnin ağrısını ürəyində hiss etdiyini bildirib. O,  Türkiyədə baş verən zəlzələ səbəbindən Azərbaycanın Prezidentindən tutmuş sadə vətəndaşına qədər hər kəsə göstərdiyi yardımlara görə öz təşəkkürünü bildirib.

Tədbirin sonunda mobil səhra hospitalında çalışmış könüllü həkimlərə fəxri fərmanlar təqdim olunub.