Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirən Azərbaycan Tibb Universitetinin (ATU) tələbə və məzunlarının anım mərasimi keçirilib. ATU-nun Xarici tələbələrlə iş üzrə dekanlığı və Türkiyə - Azərbaycan Tələbə Birliyinin birgə keçirdiyi tədbirin əvvəlində dəhşətli fəlakət nəticəsində həlak olan insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları çıxışlarında çoxsaylı insan tələfatına, tarix və mədəniyyət abidələrinin, infrastruktur obyektlərinin dağılmasına səbəb olan bu böyük fəlakətin bütün türk dünyasında kədər doğurduğunu olduğunu bildiriblər. Qeyd edilib ki, zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Gündüz Nəzərzadə 2020/2021-ci tədris ilində ATU-nun Əczaçılıq fakültəsindən məzun olub. O, təhsilini Malatyanın İnönü üniversitetinin əczaçılıq faküültəsndə davam etdirirdi.
Qardaş Türkiyədə baş verən zəlzələ qurbanlarından biri isə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin 5-ci kurs (418A-2b qrupu) tələbəsi Nazif Toprakdır. Tədbir iştirakçıları bu gənclərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər, dağıdıcı zəlzələ nəticəsində yaralanan və xəsarət alanların tezliklə sağalmasını arzulayıblar.