Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrin cəlbinin təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib. Nazirlik əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi kimi meyarları nəzərə almaqla ATU-nu təltif edib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əcnəbilərin cəlbinin təşviqinin prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməsi və bu çərçivədə irəliləyişlərə nail olunması istiqamətində vacib məsələlərə dair məlumat verib. Eyni zamanda, sözügedən sahədə birbaşa fəaliyyət göstərən təhsil müəssisələrinin rolunu qeyd edərək bu istiqamətdə gələcəkdə daha çox işlərin görülməli olduğuna və əcnəbilərin təhsilinə diqqətin artırılmasının əhəmiyyətinə toxunub.
Əcnəbi tələbələrin cəlb olunmasının təşviqində səmərəli fəaliyyətinə görə təşəkkürnamə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevə təqdim olunub. Qeyd edək ki, Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrin sayına görə ölkənin lider universitetidir. Hazırda ATU-da 48 xarici ölkədən 2873 vətəndaş təhsil alır. Görüşdə ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Natiq Bayramov, xarici tələbələrlə iş üzrə dekan müavini Nəzrin Musabəyova iştirak edirdilər.