Badminton komandamız XV Universiadanın qalibi olub
Martın 16-17-də Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil nazirlikləri və “Gənclik” Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Badminton üzrə XV Respublika Universiadası keçirilib.
ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi Nərgiz Mehdiyevanın rəhbərliyi ilə universitetin komandasını 4 oğlan (Emin Cəfərli, Nihad Həsənli, Noman Arshad, Khali Hasan və 4 qız (Ülkər Məmmədova, Ləman İsayeva, Gilsha Shareela, Amuliya P.Raj) tələbə-idmançı təmsil edib.
Bu barədə qəzetimizə “Təbib” İdman Klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru Qələndər Aslanov məlumat verib.
Onun sözlərinə görə, yarışda ölkənin 13 universitetinin tələbə-idmançıları mübarizə aparıb. Əsasnaməyə uyğun olaraq, peşəkarlardan ibarət olduğuna görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasına müsabiqədən kənar texniki 1-ci yer verilib. Digər 12 komanda ilə dairəvi sistemdə yarışlar keçirilib. Burada Tibb Universitetinin komandası ilə yanaşı, Dövlət İqtisad Universiteti, Dillər Universiteti, Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetinin komandaları da favorit komandalar siyahısında idi.
Qızlardan ibarət komandamız gərgin mübarizədən sonra Bakı Slavyan Universiteti və Dillər Universitetinin komandalarını məğlub edərək I yerin sahibi olub. Oğlanlardan ibarət komandamız da Dövlət İqtisad Universiteti və Dillər Universitetinə qalib gələrək I yeri tutub. Sonda komandamızın hər bir iştirakçısına və komandanın rəhbərinə “Gənclik” Tələbə İdman Cəmiyyətinin diplom və medalı təqdim olunub.
Hazırda ümumilikdə xal hesabına görə, Azərbaycan Tibb Universitetinin komandası XV Universiadanın cədvəlində ölkə universitetləri arasında ön sırada gedir. Komandamıza növbəti idman yarışlarında da uğurlar arzulayırıq.