Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin qonağı olub.
Görüş zamanı səfir ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini qeyd edərək, bu əlaqələrin bir çox sahələri, o cümlədən təhsil sahəsini də əhatə etdiyini vurğulayıb. O, Azərbaycan Tibb Universiteti kimi nüfuzlu, beynəlxalq səviyyəli təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirərək, ATU ilə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduqlarını ifadə edib. Səfir, həmçinin ATU-da təhsil alan Türkiyə vətəndaşlarının burada əcnəbi tələbələr üçün yaradılan şəraitdən razılıqlarını da rektora çatdırıb.
Professor Gəray Gəraybəyli Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki əlaqələrin inkişafında səfirliyin oynadığı rolu xüsusi vurğulayıb. O, ATU-da təhsil səviyyəsinin daha da yüksəldilməsinə xidmət edən islahatlar, universitetin 3 ixtisas üzrə beynəlxalq akkreditasiyadan keçməsi və digər nailiyyətlərimiz barədə məlumat verib. Rektor hazırda universitetdə təhsil alan 2843 əcnəbi tələbənin 1069 nəfərinin Türkiyədən olduğunu qeyd edib. G.Gəraybəyli xarici tələbələrin qəbul prosesinin şəffaf şəkildə, elektron qaydada aparıldığını bildirərək, ATU-nun Türkiyə universitetləri ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təhsil müşaviri Nurullah Yazıçı, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edirdilər. Söhbət zamanı Türkiyə universitetləri ilə ikili diplom mövzusunda, eləcə də təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb, birgə layihələrə toxunulub.