ATU-da karate üzrə yoldaşlıq turniri keçirilib

Aprelin 1-də ATU-nun Tədris İdman Kompleksində karate turniri keçirilib. Məlumat üçün bildirək ki, ötən ilin noyabr ayında keçirilən ölkə çempionatında “Təbib” idman klubunun Karate bölməsindən müxtəlif çəki dərəcələrində 3 tələbə idmançı uğur qazanmışdı. Bu qələbədən sonra universitetdə karate idman növünə maraq daha da artıb.

Sözügedən yoldaşlıq turnirinin məqsədi aprelin 21-də respublika yığma komandasının tərkibini formalaşdırmaq üçün keçiriləcək seçim turnirinə ATU tələbələrini müəyyənləşdirmək olub. Tələbələrdən qızlar arasında Raminə İsxanova, İlhamə Namazova, Roshanak Moghanloo, Mahsa Palar, Negin  Mardaneh, oğlanlar arasında İsmayıl Məhərrəmli, Səfər Əliyev, Fuad Haqverdiyev, Məhəmməd Quluzadə, Məsim Cəfərov müxtəlif çəki dərəcələrində qalib olublar və “Təbib” idman klubu tərəfindən medal, diplomla təltif ediliblər.

         Bununla yanaşı, yoldaşlıq turnirindən əvvəl “Təbib” idman klubunun sədri, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov tərəfindən hakimlər və tibbi personal üçün seminar təşkil olunub. Turnirdə tələbə idmançılardan hakim kimi iştirak edənlər də olub. Artıq neçə ildir hakimlik təcrübəsinə malik olan Samir Hüseynovla yanaşı, Toğrul Abdullayev, İqbal Babazadə, Nesa Xeyrullahniya və Nəstərən Qərari də hakimlik ediblər.

         Yarışlarda zədələnmələr zamanı ilkin tibbi yardım göstərmək və gələcək həkimlərin təcrübəsinin artırılması da diqqət mərkəzində olub. Qeyd edək ki, döyüşlər zamanı zədələnən idmançılara ilkin tibbi yardımın göstərilməsi məqsədilə dərman və ağrıkəsici spreylər də “Təbib” idman klubu tərəfindən alınıb.