ATU-da “Zərifə Əliyeva – 100” kitab sərgisinin açılışı olub

 

 

ATU-nun Əsaslı Kitabxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunan sərginin açılışı olub.

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova sərginin açılışında çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin 3 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin qeyd olunduğunu xatırladıb. Bildirib ki, Zərifə xanımın adı çəkiləndə gözlərimiz önündə onun işıqlı siması, əsl Azərbaycan qadınının obrazı canlanır. O, görkəmli alimin  oftalmologiya sahəsində bir elmi məktəb yaratdığını, bu məktəbin yetirmələrinin Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb.

Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur da sərginin açılışında çıxış edib. “Hər bir xalqın taleyində elə böyük şəxsiyyətlər var ki, onlar həmin dövr və sonrakı bütün zamanlarda insanları işıqlı gələcəyə aparan bir bələdçi olur. Ona görə də belə şəxsiyyətlərin doğum günlər xalqın, dövlətin bayramıdır. Ulu Öndər Heydər Əliyev və onun həyat yoldaşı, silahdaşı Zərifə xanım Əliyeva məhz belə tarixi şəxsiyyətlərdəndir” – deyən professor, unudulmaz müəllimi haqqında kövrək xatirələrini bölüşüb.

O, akademik Z.Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsulun meydana gəldiyini, bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısının tamamilə alındığını söyləyib. Eyni zamanda Zərifə xanımın həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair araşdırmalarının əhəmiyyətindən də danışaraq, bu tədqiqatların təkcə tibdə deyil, bütövlükdə cəmiyyətdə böyük rəğbətlə qarşılandığını vurğulayıb. Qeyd edib ki, oftalmologiya sahəsini seçən tələbələr bu gün də onun elmi əsərlərindən, ideyalarından faydalanırlar. Ona görə də onları akademik Zərifə Əliyevanın mənəvi tələbələri hesab etmək olar. Gənc nəslin onun həyat və fəaliyyətini dərindən öyrənməsi baxımından bu cür kitab sərgilərinin əhəmiyyətindən danışan P.Qəlbinur, sərginin təşkilinə görə kitabxananın kollektivinə təşəkkürünü bildirib.

Kitabxananın əməkdaşları Xuraman Hacıyeva, Səriyyə Quliyeva, Əsgər Əsgərov və Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov da tədbirdə çıxış edərək, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan nəcib insan, böyük alim Zərifə xanımı xüsusi ehtiramla xatırlayıblar.

Açılışdan sonra tədbir iştirakçıları sərgi ilə daha yaxından tanış olublar.