İki şöbənin birgə seminarı keçirilib

 

Aprelin 10-da Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyəsi və  Neonatal intensiv terapiya şöbələrinin birgə seminarı keçirilib. Klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov və həmin kafedranın dosenti Vüqar Məhəmmədovun moderatorluğu ilə keçirilən seminarda “Diafraqmal yırtıqların etiologiyası, klinikası, diaqnostikası və müasir cərrahi yanaşma metodları” mövzusu müzakirəyə çıxarılıb.

Neonatal intensiv terapiya şöbəsinin həkim-rezidenti Gülgəz Əsgərova və Uşaq cərrahiyyəsi şöbəsinin həkim-rezidenti Nərmin Muradzadə məruzələrlə çıxış ediblər. Məruzələrdə kongenital diafraqmal yırtıqların etiologiyasından, müalicə taktikalarından bəhs olunub. Həmçinin xəstəliyin klinika və diaqnostikasında müasir instrumental və laborator metodlar, cərrahi yanaşma üsulları haqqında danışılıb.

Bildirilib ki, anadangəlmə diafraqmal yırtıq (ADY), diafraqmanın inkişaf defekti səbəbiylə abdominal orqanların döş boşluğuna keçməsi və normal ağciyər inkişafının məhdudlaşması ilə nəticələnən ciddi hipoksik tənəffüs çatışmazlığı və yüksək ölüm göstəricisi ilə əlaqəli sindromdur. Rast gəlmə tezliyi 0.8-5/10.000-dir. Etiologiyası multifaktorialdır. Diafraqmal yırtıq yerləşmə nahiyəsinə görə təsnif olunur. Postero-lateral (Bochdalek hernisi) ən çox görünən tipdir. Anterior və santral yerləşmədə rast gəlinir. Prenatal diaqnostikası mümkündür.

Klinikasında doğumdan sonra dərhal başlayan tənəffüs çatışmazlığı, abdominal distansiyonun olmaması, skafoid qarın izlənilir. Reanimasion tədbirlərin düzgün və vaxtında yerinə yetirilməsi önəmlidir. Döş qəfəsinin rentgenoqrafiyasında abdominal orqanların izlənməsi diaqnozu təsdiq edir. İnkişaf edən persistan pulmonar hipertenziya və pulmonar hipoplaziyaya bağlı tənəffüs çatışmazlığı, həm müalicə istiqamətini, həm də proqnozu müəyyənləşdirir. Əgər aparılan reanimasion tədbirlər və medikal müalicə effektiv olmazsa, Ekstrakorporeal Membran Oksigenizasiyası (ECMO) düşünülür. ECMO zamanı intrakranial qanaxma riskinin artması ilə bağlı ailəyə bilgi verilməlidir. Cərrahi müalicə pulmonar hipertenziya kontrol altına alındıqdan sonra aparılmalıdır. Əməliyyatdan sonra ağırlaşmalar (hidrotoraks, qastroezofagial reflüks, xroniki ağciyər xəstəliyi, sinir sisteminin inkişaf geriliyi, böyümə geriliyi və digərləri) diqqətdə saxlanılmalı və izləmə proqramına uyğun təqib olunmalıdır.

Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov, Neonatal intensiv terapiya şöbəsinin müdiri, Uşaq xəstəlikləri kafedrasının assistenti Sərxan Elbəyiyev, dr. Fazil Həsənov, dr. Murad Əlibəyov və dr. Aygün Rüstəmxanlı da  mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Hər iki şöbənin həkim və rezidentlərinin iştirak etdiyi seminar öz işini interaktiv şəraitdə başa çatdırıb.