Azərbaycan Tibb Universiteti dünya ali məktəbləri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu gün ATU-nun rəsmiləri ilə Çinin Daxili Monqolustan Tibb Universitetinin nümayəndə heyəti arasında onlayn görüş keçirilib.
Görüşdə çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru professor Rauf Bəylərov ali məktəbin tarixi, fəaliyyəti, tədris olunan ixtisaslar və s zəruri bilgilərlə qonaqları tanış edib. Professor R.Bəylərov həmçinin ATU-da son illərdə aparılan islahatlar, təhsil səviyyəsi, əcnəbi tələbələrin təhsil şərtləri kimi məlumatları da paylaşıb.
Daxili Monqolustan Tibb Universitetinin Beynəlxalq əlaqalər üzrə prorektor Liu Bin rəhbərlik etdiyi təhsil müəssisə barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Prorektor L.Bin hazırda 9 minə yaxın tələbəsi olan bu universitetin dünyanın bir çox universitetləri ilə əlaqələr qurduğunu, bundan sonrna ATU ilə də əməkdaşlığa başlanılacağına ümid etdiklərini bildirib.
Daha sonra universitetlər arasında əməkdaşlıq istiqamətləri, birgə layihələrlə perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Ortaq elmi araşdırmaların icrası sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində də müəyyən addımların atılmasının zəruriliyi vurğulanıb. Həmçinin, tədris və elmi-tədqiqat istiqamətlərində qarşılıqlı fəaliyyətin təşkilinin perspektivləri müzakirə olunub.
geniş tərkibdə baş tutan onlayn görüşdə hər iki universitetin bir sıra fakültələrinin dekanları və şöbə müdirləri iştirak ediblər.