Beynəlxalq konqres öz işini yekunlaşdırdı

 

Azərbaycan Tibb Universitetində aprelin 13-14-də keçirilən Azərbaycan tibb tələbələri və gənc alimlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konqres öz işini yekunlaşdırdı. Bağlanış mərasimində çıxış edən ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov belə tədbirlərin dünyanın müxtəlif universitetlərində təhsil alan tibb tələbələrinin və ayrı-ayrı klinikalarda çalışan həkimlərin bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi. Qeyd etdi ki, bu konqres tanınmış mütəxəssislərin bir-birləri ilə fikir mübadiləsi aparması, eləcə də öz biliklərini bölüşməsi, ölkəmizin gənc həkim və tələbələri ilə tanış olmasına da imkan yaratdı: “Tədbirə dünyanın bir çox ölkələrindən, o cümlədən qardaş Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiyadan dəvət olunan professorlar və gənc alimlər, tələbələr elmi məruzələrlə çıxış etdilər. Müasir təbabətdə həllini gözləyən problemlərin müştərək müzakirəsi aparıldı. Çox maraqlı diskussiyalarla yadda qalan konqresin ilkin nəticəsi həm praktik həkimlər, həm gənc alimlər, həm də tələbələr üçün faydalı oldu”.

Bağlanış mərasimində fakültə dekanlarının və təşkilat komitəsinin iştirakı ilə tədbirə qatılan professor-müəllim heyətinə və tələbələrə universitetin rektoru, professor Gəray Gəraybəylinin adından xüsusi hədiyyələr və sertifikatlar təqdim olundu.