Dendrologiya İnstitutu ATU ilə birgə vebinar keçirib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ATU-nun Əczaçılıq fakültəsinin Farmakoqnoziya kafedrası ilə birlikdə Ümumdünya Bioloqlar Gününə həsr olunmuş vebinar keçirib.

“Dərman bitkilərinin istifadə perspektivliyi, mədəni dərman bitkilərinin farmakoqnostik tədqiqi və introduksiyası” mövzusunda tədbirdə Dendrologiya İnstitutunun (Dİ) və ATU-nun müəllim və tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Dİ-nin baş direktor vəzifəsini icra edən b.ü.f.d, dosent Minarə Həsənova institutun ərazisində bitən və introduksiya olunan dərman bitkiləri haqqında məlumat verib, əməkdaşları 16 aprel - Bioloqlar günü münasibətilə təbrik edib.

Daha sonra ATU-nun Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova, Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov mövzu ilə bağlı çıxışlar ediblər. Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova “Azərbaycanın görkəmli bioloqları”, Bitki sistematikası laboratoriyasının müdiri, b.ü.f.d Ramiz Ələkbərov “İnnab bitkisinin faydalı xüsusiyyətləri”, Ağac-kolların introduksiyası laboratoriyasının baş elmi işçisi İradə Məmmədova “Abşeronda introduksiya olunmuş mərsin bitkisinin bioloji xüsusiyyətləri və fitokimyəvi tərkibi”, ATU-nun tələbəsi Teymur Rəcəbov və başqaları müxtəlif mövzularda slaydlar təqdim ediblər.