Mübariz İbrahimov adına təhsil kompleksinin şagirdləri ATU ilə tanış olacaqlar
 

Universitetlə Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Tibb Universiteti ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimi zamanı Biləsuvar Təhsil kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək, kompleksin yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 18 oktyabr 2010-cu ildən fəaliyyət göstərən bu kompleksin əsas hədəfi şagirdlərin şəxsiyyəti və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək, milli və bəşəri dəyərləri, liderlik keyfiyyətlərini onlara təlqin etməkdən ibarətdir. 

A.Bağırov bildirib ki, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi Dövlət İmtahan Mərkəzinin rəsmi statistik təhlillərində son 5 il ərzində ali məktəblərə qəbul göstəricisinə görə ölkə üzrə ardıcıl olaraq birinci yeri tutur: “Yüksək bal toplayan məzunlarımız arasında ATU-nu seçənlər çoxdur. Şagirdlərimiz tibb təhsili ilə çox maraqlandıqlarına görə, əməkdaşlıq qurmaq və məktəblilərimizin ATU-dakı ixtisaslar barədə məlumatlandırılmasını arzulayırıq”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ilə faydalı əməkdaşlığın olacağından əminliyini bildirib. Rektor son illər ATU-da aparılan islahatlar, tədris prosesindəki yeniliklər, yeni ixtisasların açılması haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb: “Kompleksin şagirdlərini ATU-dakı təhsil prosesi, qurulan tədris sistemi ilə tanış etməyə çox şad olarıq. Şagirdləri universitetimizin Anatomiya Muzeyi, treninq mərkəzləri və s. ilə yanaşı, həm də tələbələrin sosial həyatı ilə də tanış edəcəyik. Çünki müasir dövrdə tələbələrin peşəkar kadr kimi yetişməsi ilə yanaşı, həm də ictimai baxımdan aktiv olmasına böyük ehtiyac var”.

Professor G.Gəraybəyli Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin rəhbərliyini Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ATU-da təşkil olunacaq tədbirə dəvət edib.

Sonra çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev qonaqlara universitetin Hərbi tibb fakültəsi haqqında məlumat verib. Milli Qəhrəman M.İbrahimovun adını daşıyan liseyin şagirdlərində bu fakültəyə daha çox maraq olduğu da vurğulanıb. 

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb. 

Görüşdə kompleksin icraçı direktorunun assistenti Ülvi Həzizadə, ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, Stomatologiya fakültəsinin dekanı Səid Əhmədov, Kimya kafedrasının müdiri Rəvan Məmmədov, Biologiya kafedrasının müdiri Vəfa Xankişiyeva, kimya müəllimi Vüsalə Pənahova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.