Aprelin 19-da Azərbaycan Tibb Universitetində tanınmış detektiv yazar Elxan Elatlının tələbələrlə görüşü keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov yazıçı Elxan Elatlının geniş təqdimata ehtiyacı olmadığını bildirib:
“Əksəriyyətinizə bu imza yaxşı tanışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlının əsərləri ən çox oxunan və satılan kitablar arasındadır. Çoxsaylı oxucuların rəğbətini qazanmış yazarın bu gün tələbələrimizlə görüşünün maraqlı olacağına inanıram”.
Yazıçı belə bir görüşə şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Həkimlərə və həkimlik peşəsinə münasibətdə qəlbində daim bir sevgi olduğunu qeyd edən E.Elatlı qızının da bu peşəni seçdiyini və onun bu seçimindən çox sevindiyini dilə gətirib: “Həkimlər həmişə çoxsaylı insanlarla ünsiyyətdə olur. Bu peşənin sahibləri xəstələrdə inam yaratmaq, onların tez sağalıb sağlam həyata qayıtmasına yardımçı olmaq üçün sözün qüdrətindən zamanında və yerində istifadə etməlidirlər. Bu mənada həkimlərin işinə də bədii ədəbiyyatın təsiri çox böyükdür”.
Görüş zamanı yazıçı yazdığı əsərlərlə bağlı məlumat verib. Daha sonra müəllifin “Uğursuz gecə”, “Xəyanət”, “Dilənçi qadının sirri”, “Arxalı canavar”, “Qanbay Qasımlının xəfiyyələri”, “Qan ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, “Xəstə ruhlar”, “On dördüncü adam”, “Qazinin ölümü” və sair əsərlərinin süjet xətti, əsas personajları müzakirə edilib. E.Elatlı tələbələrin çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb.
Görüşün sonunda yazıçıya universitetin hədiyyəsi təqdim olunub və tələbələrlə xatirə şəkli çəkilib. Tələbələr belə görüşlərin vaxtaşırı təşkil olunmasını arzu ediblər.