Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Azərbaycan Tibb Universitetinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli,  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ATU-nun prorektorları, dekanları, məsul əməkdaşları, bir sıra struktur bölmə rəhbərləri və tələbələri,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi iştiram ediblər.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan aksiyada qeyd olunub ki, bu il ərzində ölkə ərazisində 3 milyon ağacın əkilməsi hədəf götürülüb. Aksiyanın keçirilməsində əsas məqsəd Ümummilli Liderin yaşıllaşdırma ənənələrini davam etdirməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etməkdən ibarətdir. Həmçinin, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməklə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir. Qeyd olunub ki, bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalmaqla, həm də paytaxt Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən  aksiya zamanı Müşfiqabad qəsəbəsində Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 1 hektar əraziyə 650 ağac əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, müvafiq təmizlik işləri aparılıb.