Akademik mobillik proqramına uyğun olaraq, ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəylinin Başqırdıstan Dövlət Tibb Universitetinin (BDTU) Nevrologiya kafedrasında apardığı dərslər başa çatıb.
Asiya və Afrikadan olan BDTU tələbələri Azərbaycanın tanınmış professorundan ingilis dilində təhsil almaq imkanını yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, A.Məmmədbəyli BDTU-nun klinikasında mükəmməl master-klaslar keçirib və uşaqlarda mukopolisaxaridozun nadir forması haqqında öz klinik nümunələri, fotoşəkillər və videogörüntülər vasitəsilə maraqlı mühazirə oxuyub.
“Biz Bakıdan bir nevroloqun Ufaya ilk səfərindən çox məmnunuq və növbəti əməkdaşlığı səbirsizliklə gözləyirik. Universitetlərarası müqavilə tərtib olundu, gələcək planlar müzakirə edildi. Azərbaycandan olan tələbələr 2023-cü ilin may ayında “Nəzəri və praktiki təbabətin problemləri” mövzusunda keçirəcəyimiz beynəlxalq Tələbə və Gənc Alimlərin 88-ci Ümumrusiya Elmi Konfransında iştirak edəcəklər. Biz artıq qarşılıqlı dostlar tapmışıq və professor Məmmədbəylinin köməyi ilə kafedra, universitet mərkəzləri və layihə ofislərinin işi çərçivəsində əməkdaşlıq üçün dünyanın və MDB-nin müxtəlif ölkələrində yeni dostlar qazanmağı planlaşdırırıq”, - deyə əməkdaşımızın səfərinin təşəbbüskarı olan BDTU-nun professoru, nevroloq Leyla Əhmədova bildirib.